“Azərbaycanda Geofizika Yenilikləri” elmi-texniki jurnalı
“Azərbaycanda Geofizika Yenilikləri” elmi-texniki və informasiya jurnalı SOCAR-ın Geofizika və geologiya İdarəsi tərəfindən rüblük olaraq nəşr edilir. Jurnal geofizika sahəsinə dair - quruda / dənizdə seysmik kəşfiyyat işləri, seysmik məlumatların emalı və interpretasiyası, qazma vaxtı karotaj, kollektor xüsusiyyətlərinin öyrənilməsi, mühəndisi geologiya, topogeodeziya və dənizdibi batimetriya, neft geologiyası, litologiya, petrofizika, və digər sahələrə aid məqalələrin dərc olunmasını əhatə edir.
“Azərbaycanda Geofizika Yenilikləri” elmi-texniki jurnalı 1997-ci ildən nəşr olunur. Jurnalın təsisçiləri birgə olaraq o zaman, ARDNŞ-nin Geofizika və Mühəndisi Geologiya İstehsalat Birliyi və Azərbaycan Milli Geofizika Komitəsi olmuşdur. 2006-cı ildə ARDNŞ-də aparılan struktur islahatları nəticəsində Geofizika və Mühəndisi Geologiya İstehsalat Birliyinin bazasında Geofizika və Geologiya İdarəsi yaradılmışdır.
Bu illər ərzində jurnalda Respublikamızın və xarici ölkə alim və mütəxəssislərinin aktual geofiziki və geoloji, seysmoloji tədqiqatlarının nəticələrinə həsr olunmuş onlarla məqalə və yazı dərc edilmişdir. Jurnalda dərc olunan məqalələrin və xülasələrin üç dildə - Azərbaycan, Rus və İngilis dillərində çap olunması onun əhatə dairəsini və oxucu auditoriyasını genişləndirməyə imkan yaradır. Jurnalın üz qabığının ikinci səhifəsində Respublikamızda yerinə yetirilən geofiziki işlər və istifadə edilən avadanlıqlar barədə reklam xarakterli yazılar çap etmək mümkündür, üçüncü səhifə isə “Müəlliflərin nəzərinə” başlığı altında məqalələrə dair tələbləri əks etdirir. Jurnalda həmçinin neft sənayesini əhatə edən tədbirlər haqda məlumatlar, informasiya xarakterli yazılar, tanınmış geofizik və geoloqların yubiley təbrikləri də dərc edilir.